“Dəmir yumruq” əməliyyatında – 44 günlük Vətən Müharibəsində Böyük Qələbənin qazanılmasında ən mühüm amil Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun peşəkarlığı, xalqımızın sıx birliyi və sarsılmaz qələbə əzmi idi. İkinci Qarabağ Müharibəsi yumruq kimi birləşən Azərbaycan xalqının vətənpərvərlik ruhunun və həmrəyliyinin sarsılmazlığının təsdiqi oldu. Bu müharibədə xalqımız istər ön cəbhədə, istərsə də arxa cəbhədə əsl fədakarlıq göstərdi. Bu çətin və şərəfli günlərdə Azərbaycan idmançıları da hər iki cəbhədə yüksək fəallıq nümayiş etdirdilər. Təkcə bu faktı qeyd etmək lazımdır ki, müharibədə idman sahəsi üzrə 500 nəfər iştirak edib. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Dekabrın 18-də Vətən Müharibəsinə həsr olunmuş “Bilinməyən mən” verilişinin "Zəfər günü” xüsusi buraxılışı keçirilib.

Verilişdə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğmaları, qazilər, sənət adamları, həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Verilişin layihə rəhbəri Samirə Allahverdiyeva, aparıcı-redaktor Könül Mahmudova, quruluşçu rejissoru Tural Rəcəbov, quruluşçu operatoru İlkin Məmmədov, rejissoru Nərmin Camalzadədir.